Ekspozisiya

9 yanvar 1991-ci ildə yaranmış Azərbaycan İstiqlal Muzeyinin əsas məqsədi ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və öz istiqlalı uğrunda apardığı mübarizəni ardıcıl olaraq əks etdirməkdir.

1

Milli Məclisin 5 fevral 1991-ci il qərarı ilə qəbul olunmuş Azərbaycan Respublikasının Dövlət Bayrağı üç enli zolaqdan ibarətdir: üst zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Bayrağın hər iki üzündəki qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var.
Bayrağımızda olan mavi rəng türkçülüyün, qırmızı rəng müasirlik və demokratiyanın, yaşıl rəng isə islamın simvoludur. Aypara və səkkizguşəli ulduz isə xoşbəxtlik və səadət rəmzidir.
Milli Məclisin 19 yanvar 1993-cü il tarixli qərarı ilə qəbul olunmuş Azərbaycan Respublikasının Dövlət Gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. 
Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Azərbaycan Respublikası Dövlət Gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır. Gerbdəki qalxan – birlik, müdafiə, müqavimət, ulduz – Vətənimizin cənnət məskəni, alov – odlar yurdu olmasının, palıd yarpaqları – uzunömürlüyün və möhkəmliyin, sünbül – bərəkət və bolluğun rəmzi kimi verilmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan Dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir.
1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycanın marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edildi.
Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilən Azərbaycan Respublikasının referendumunda qəbul olunmuşdur və 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.

2

Azərbaycanın tarixi torpaqları müasir sivilizasiyanın yaranmasına təkan verən qədim mədəniyyət mərkəzlərindən biridir. 300-400 min il əvvəl yaranmış nadir Azıxontrop çənə sümüyünün tapılması sayəsində Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir. 5 min illik dövlətçilik ənənəsinə malik ən qədim Azərbaycan ərazisində ilk dövlət qurumları e.ə. IV minilliyin sonu – III minilliyin əvvəllərindən etibarən Urmiya hövzəsində yaranmışdır. E.ə. I minillik – b.e. isə I minilliyinin əvvəllərində Manna, İskit şahlığı, Atropatena və Albaniya kimi güclü dövlətlər mövcud olmuşdur. III əsrdə Azərbaycanın tarixi torpaqlarını Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi.
VIII əsrdə başlanan ərəblərə qarşı mübarizənin kulminasiya nöqtəsi Xürrəmilər hərəkatı oldu. 816-cı ildən bu hərəkata Babək başçılıq etməyə başladı. Ərəb qoşunları 837-ci ildə xürrəmilərin son iqamətgahı olan Bəzz qalasını mühasirəyə aldırlar, Babək erməni Səhl ibn Sumbatın xəyanəti nəticəsində ərəblər tərəfindən ələ keçirildi, Samirə şəhərinə gətirilərək yanvarın 4-də işgəncə ilə edam olundu.
16-cı əsrin başlanğıcında -1501-ci ildə Azərbaycan Səfəvilər dövləti yarandı.
Dövlətin əsasını görkəmli Azərbaycan şairi, məşhur sərkərdə və dövlət xadimi Şah İsmayıl Xətai qoymuşdu. Şah İsmayıl Xətai Azərbaycan dilini dövlət dili elan etdi, Azərbaycanın sərhədlərini genişləndirdi, xarici dövlətlərlə diplomatik əlaqələr yaratdı, lakin Osmanlı dövləti ilə münasibətlər pozuldu. İki türk dövləti arasında yaranan gərginlik 1514-cü ilin avqustunda baş vermiş Çaldıran döyüşü ilə nəticələndi. Həmin döyüşdə Osmanlılar qalib gəldi.

4

XVIII əsrin sonu – XIX əsrin əvvəli Azərbaycan öz tarixinin ən faciəli səhifələrindən birini təşkil edən feodal dağınıqlarını, ara müharibələrini yaşayıb. Bakı xanlığı XVIII əsrin ortalarında yaranmışdı. 1806-cı ilin oktyabrın 3-də Rusiya tərəfinədən işğal olunmuşdu.
Gəncə xanlığı XVIII əsrdə yaranmışdı. 1804-cü ilin yanavarın 3-də Gəncə xanı Cavadxan və Rusiya generalı Sisianov arasında gedən ağır döyüşlərdən sonra Rusiya tərəfindən işğal olunmduşu.
Şəki və Gəncə xanlıqları XVIII əsrdə yaranmışdırlar. 1805-ci ildə bağlanmış Kürəkçay müqaviləsinə əsasən Rusiyanın tərkibinə qatıldılar.
İrəvan xanlığı XVIII əsrin ortalarında yaranmışdı. Yerli əhali – türk dilli azərbaycanlılar idi. Bunu Qafqazın baş komandanı da rəsmi mənbələrdə qeyd edir. 1827-ci ildə İrəvan xanlığı İrəvan xanlığı Rusiya tərəfindən işğal olundu.

4

Birinci Rus-İran müharibəsi (1803-1812) Gülüstan müqaviləsi ilə, ikinci Rus-İran müharibəsi (1826-1828) Türkmənçay müqaviləsi ilə tamamlanıb. Bu müqavilələr nəticəsində Azərbaycan iki hissəyə bölündü: Şimali Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə keçdi. İndiyə kimi bizim 30 milyon soydaşımız İranın tərkibində olan Cənubi Azərbaycanda yaşayır.

5 XIX yüzilliyin birinci yarısında Azərbaycanda elm, mədəniyyət, maarif və ədəbiyyat sahəsində yeni bir dövr başlandı. Bu dövrdə Azərbaycanda elmin müxtəlif sahələri inkişaf edirdi. M.F.Axundov, A.A.Bakıxanov, M.C.Topçubaşov, M.Kazımbəy və başqa elm və mədəniyyət xadimlərinin maarifçi nəsli yetişmişdi.
Azərbaycanda şərqşünaslığın inkişafında M.C.Topçubaşovun və M.Kazımbəyin böyük rolu olub.
Azərbaycan tarixinin elmi əsaslarla öyrənilməsi A.A.Bakıxanovun adı ilə bağlıdır. Onun 1841-ci ildə fars dilində yazdığı “Gülüstani-İrəm” əsəri Azərbaycan tarixşünaslığında böyük rol oynadı.
Azərbaycanın ictimai həyatında ən mühüm amillərdən biri mətbuatın meydana gəlməsi oldu. Azərbaycan mətbuatının banisi ictimai xadim, publisist və pedaqoq H.B.Zərdabinin milli mətbuatın yaranmasında xidməti böyükdür. Onun başçılığı ilə “Əkinçi” qəzetinin ilk nömrəsi 22 iyul 1875-ci ildə çap edildi. Həmin gün Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir.
1906-cı il aprelin 7 C. Məmmədquluzadənin redaktor olduğu “Molla Nəsrəddin” jurnalı nəşr olunmağa başlandı.
Yalnız Azərbaycanda yox, hətta bütün şərq ədəbiyyatında realist dramaturgiyanın banisi Axundzadə, Vətənimizdə satirik realizmin görkəmli nümayəndəsi isə Sabirdir.

6

XIX əsrin 60-cı illərinin ortalarında Azərbaycanın neft təsərrüfatında dönüş mərhələsi başlandı. Azərbaycanın neft sənayesi XX əsrin əvvəlinə özünün inkişaf tempinə və istehsal etdiyi məhsulunun həcminə görə dünyada birinci yerə çıxaraq, dünya neftinin yarıdan çoxunun və Ümumrusiya neftinin 95 %-ni istehsal etdi. 1848-ci ildə Bakıda dünya miqyasında qazma üsulu ilə neftin çıxarılması başlandı. 1873-cü ildə vurulan neft fontanı neft sənayesinə marağı artrdı. Tezliklə neft sənayesinə Nobel qardaşları, rus, ingilis, fransız və digər ölkələrin kapital axını sürətləndi. Bu dövrdə milli burjuaziyanın formalaşma prosesi gücləndi. H.Z. Tağıyev, M. Nağıyev, M. Muxtarov və b. onun qabaqcıl nümayəndələri idilər. Bu iri kapital sahibkarları Şimali Azərbaycanın bir sıra vacib təsərrüfat sahələrinin inkişafında həlledici rol oynamaqla bərabər, xeyriyyəçiliklə də məşğul olurdular.

XIX əsrin sonundakı neft bumu ilə əlaqədar iqtisadi yüksəliş uzun müddətli depressiya və böhranla əvəzləndi, 1900-1903-cü illərdə ölkə boyu kəndli hərəkatı yayılır. 1905-1906-cı illərdə Bakı, Yelizavetpol, İrəvan quberniyalarında ermənilərin azərbaycanlılara qarşı ixtişaşları baş verdi. Həmin qanlı hadisələr 1918-ci ilin martında da təkrarlandı. Bu dövrdə erməni quldur dəstələri azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində təkcə Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi. Bolşevik-daşnak birləşmələri “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailiyyə” binasını yandırmış, “Təzəpir” məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik hərbi birləşmələr Bakıdan sonra Qarabağ, Quba, Naxçıvan, Şamaxı, Zəngəzurda da azərbaycanlılara qarşı soyqırım həyata keçirdilər. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanına əsasən martın 31-i azərbaycanlıların soyqırım günü elan olundu.2007-ci il Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlıq aşkar edilib. Azərbaycan tədqiqatçılarının rəyinə görə, bu 1918-ci ildə erməni-bolşevik silahlı dəstələrinin keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olmuş yerli sakinlərin kütləvi məzarlığıdır.2009-cu il dekabr ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışın ediblər.

8

Ölkə üçün belə çətin dövrdə xalqın milli şüurunun artması, ziyalıların fəallaşmasına təkan verdi. Bir qrup azərbaycanlı demokrat ziyalının təşəbbüsü ilə 1904-cü ildə “Hümmət” təşkilatı yarandı və “Təkamül” qəzeti nəşr olunmağa başlandı. Bu təşkilatın əsasını S.Əfəndiyev, M.Ə.Rəsulzadə, M.Əzizbəyov, M.Hacinski və b. qoydular. Təşkilat Azərbaycan fəhlələrinin maariflənməsi, millətlərarası ixtisasların dayandırılması yolunda iş aparırdı. 1906-cı ilin ikinci yarısında “Difai” partiyası yarandı. Həmin partiyanın proqramının əsas müddəaları Əhməd bəy Ağayev tərəfindən nəşr edilən “İrşad” qəzetində işıq üzü görmüş layihədə öz əksini tapmışdır.
Azərbaycan xalqının siyasi konsolidasiyasında 1911-ci ildə yaranan “Musavat” partiyası mühüm rol oynadı. Partiyanın başçısı M.Ə.Rəsulzadə və onun nəşr etdiyi “Açıq söz” qəzeti Azərbaycanın siyasi həyatında çox fəal idi. “Musavat” partiyasının proqramında bütün müsəlman ölkələrinin bərabərliyi, müsəlman dövlətlərinin müstəqilliyinin bərpası əsas yer tuturdu.

10

Ölkənin iqtisadi və siyasi vəziyyəti, milli şüurun yüksəlişi 28 may 1918-ci ildə Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Demokratik Respublikanın yaranmasına şərait yaratdı.
ADR cəmi 23 ay ömür sürdüyünə baxmayaraq, Azərbaycanın tarixinə ilk müstəqil dövlət kimi daxil olub və ölkənin tarixi inkişafında mühüm rol oynadı.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət idarəetmə üsulu parlament respublikası idi. Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti 1918-ci il iyunun 21-də Dövlət Bayrağı haqqında qərar qəbul etdi. Həmin qərara əsasən qırmızı rəngli Dövlət Bayrağı üzərində ağ aypara və səkkizgüşəli ulduz təsvir olunmuşdu. Lakin Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti noyabrın 9-da Dövlət bayrağındakı təsviri dəyişməyi qərara aldı. Yeni qərarla yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizgüşəli ulduzdan ibarət olan milli bayraq qəbul edildi. İyunun 27-də Azərbaycan-türk dili dövlət dili elan olundu. İyunun 26-da Milli Ordunun yaranması haqqında qərar qəbul edildi.
1918-ci il noyabrın 20-də “Azərbaycan Parlamentinin” yaranması haqqında qərar qəbul olundu. Parlamentin təntənəli açılışı 1918-ci il dekabrın 7-də H.Z.Tağıyevin qızlar məktəbinin binasında (hazırda Əlyazmalar İnstitutu) baş tutdu. Parlamentin sədri Ə.Topçubaşov, müavini isə H.Ağayev seçildi.
1 sentyabr 1919-cu ildə Parlament universitetin yaranması haqqında qərar verdi və bu nəinki Azərbaycan Respublikasında, hətta bütün müsəlman Şərqində əlamətdar bir hadisə oldu.
Azərbaycan Xalq Cümhuriyyəti mədəniyyət sahəsinə də böyük diqqət yetirirdi. 1919-cu ilin martında azərbaycan dilində ilk kitabxana açıldı.
1919-cu ilin dekabrın 7-də ilk milli muzey olan “İstiqlal” muzeyi təşkil olundu. Muzeydə ölkənin tarixinə və dininə aid eksponatlar yığıldı. Bu dövrdə H.Ərəblinskinin başçılıq etdiyi Azərbaycan Dövlət Teatrı fəaliyyətə başladı, Ceyhun və Üzeyir Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradıldı.
1920-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyəti siyasi cəhətdən tanındı. Bu Ə.Topçubaşov başda olmaqla Azərbaycan nümayəndə heyətinin, bütövlükdə Cümhuriyyət Hökumətinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi idi.

11

Türkmənçay müqaviləsi bağlandıqdan sonra Azərbaycanın cənub hissəsi İranın tərkibinə keçdi. Lakin əsrlər boyu xalqın öz müstəqilliyi uğrunda apardığı mübarizəsi davam edirdi.
XX əsrin əvvəlində İranda, o cümlədən Cənubi Azərbaycanda hakimiyyətin siyasətindən narazı olanların sayı artırdı.1905-ci ilin 12 dekabrında Tehranda və Cənubi Azərbaycan şəhərlərində bütün bazarlar, dükanlar bağlandı, sənətkarlar və ruhanilər oturaq etiraz aksiyasına başladılar. Beləliklə, Cənubi Azərbaycanda ilk inqilabi hərəkat – Məşrutə hərəkatı başlandı (1905-1911). İnqilabçıların əsas tələbləri konstitusiyanın qəbul olunması, məclisin çağırılması, xarici məmurların vəzifədən çıxarılması və s. idi.
1906-cı ildə etiraz aksiyası Təbrizə keçirildi. İnqilab illərində (1905-1911-ci illərdə) Təbriz təşkilatı və onun rəhbərlik etdiyi qurum – “Mərkəzi Qeybi” böyük fəallıq göstərdi.
1907-ci ildə Təbrizdə silahlı üsyan baş verdi və tezliklə vətəndaş müharibəsinə çevrildi. Başda Səttarxan (Sərdari-Milli) və Bağırxan (Salari-Milli) olmaqla fədai dəstələri Təbrizi müdafiə edirdilər və oktyabrda Təbriz əksinqilabçılardan təmizləndi.
Təbriz üsyançılarının qələbəsi bütün ölkədə inqilabi hərəkatı fəallaşdırdı. Rusiya İngiltərə ilə sözləşərək xarici vətəndaşları müdafiə etmək bəhanəsi ilə öz ordusunu Cənubi Azərbaycana yeritdi.1910-cu il aprel ayının 15-də Səttarxan və Bağırxan 100 nəfər fədai ilə Tehrana daxil oldular. Bir neçə gündən sonra düşmənlər Səttarxanın tərəfdarlarına hücum etdilər. Vuruşma zamanı Səttarxan yaralandı, fədailərin bir çoxu həlak olub, qalanları isə həbs olundu. 1911-ci ilin dekabrında Təbriz şəhəri zəbt olundu və inqilab yatırıldı. Məşrutə hərəkatı məğlub olduqdan sonra da inqilabi mübarizə dayandırılmadı.

12

1917-1920-ci illərdəki inqilabi hərəkatın başçısı 1910-cu ildə yaradılmış Azərbaycan Demokratik Firqəsinin banilərindən olan Şeyx Məhəmməd Xiyabani idi. Onun başçılıq etdiyi azadlıq mühacirləri ölkə miqyasında yeniləşmə – demokratik dəyişikliklər aparılmasını tələb edir, bütün İranda xalq inqilabının qələbəsinə, şahlıq rejiminin ləğvinə və respublika tipli demokratik dövlət yaradılmasına çalışır, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində cənubi Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə aparırdılar.1920-ci il aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə silahlı üsyan başladı. Bütün Təbriz əhalisi üsyançıların müdafiəsinə qalxdı. Xalqın misli görünməmiş fəallığı nəticəsində 1920-ci ilin 7 aprel üsyanı qan tökülmədən qalib gəldi. Həmin gün xalq qarşısında çıxış edən Şeyx Məhəmməd Xiyabani Azərbaycanın adını dəyişərək Azadıstan (Azadlıq ölkəsi) adlandırılacağını bəyan etdi. 1920-ci ilin 23 iyununda Təbrizdə Xiyabanini rəhbərliyi altında Milli Hökumət yaradıldı. Dövlət iqtisadiyyat, maarifçilik, səhiyyə və digər sahələrdə islahata başladı. Savadsızlığın ləğv edilməsinə başlanıldı, milli məktəblər və xəstəxanalar açıldı. Milli qvardiya – müntəzəm ordu yaratmaq üçün hazırlıq işlərinə göstəriş verildi. Azadıstan ölkəsinin uğurları bütün İranı və İngiltərəni hərəkata gətirdi və Tehranda Azərbaycanın milli hökumətinə qarşı sui-qəsd hazırlamağa başladılar.1920-ci ilin sentyabr ayının 12-də irticaçı qüvvələr Təbrizə hücum etdilər. İki gün Təbriz üsyançıları qəhrəmancasına müqavimət göstərdilər. Lakin Tehran rejimi 14 sentyabrda Xiyabanini öldürüb, üsyanı qan içində yatırtdı.

13

İkinci Dünya Müharibəsi İranın, o cümlədən Cənubi Azərbaycanın ictimai-siyasi həyatına öz təsirini göstərdi.
1941-ci ilin sentyabr-oktyabr aylarından Təbrizdə mitinqlərin, iclasların, nümayişlərin sayı artdı. 29 sentyabr Tehranda İran Milli Partiyası yaradıldı. Partiyanın təşəbbüsü ilə bir sıra ictimai-siyasi, mədəni-maarif klubları, cəmiyyətlər yaradıldı. Azərbaycan cəmiyyəti və onun təsis etdiyi “Azərbaycan” qəzeti milli demokratik qüvvələrin formalaşmasına öz təsirini göstərdi.
1941-1945-ci illəri əhatə edən demokratik hərəkatın birinci mərhələsində rüşvətxorluq və özbaşınalığa qarşı mübarizə elan olundu. Bu dövr milli şüurun yüksəlişi, yeni dünyagörüşün müəyyənləşməsi ilə səciyyələndi.
1945-ci ilin yayında Cənubi Azərbaycanda demokratik hərəkatın ikinci mərhələsi başladı. İranın hakimiyyət dairələri demokratik hərəkatı zəiflətməyə çalışır, etnik qarşıdurmaları qızışdırmağa səy göstərirdilər.1945-ci ilin sentyabrın 3-də S.C.Pişəvərinin rəhbərliyi altında Azərbaycan Demokratik Firqəsi yarandı. ADF İran daxilində Azərbaycan xalqının milli muxtariyyatını tələb edirdi.1945-ci ilin dekabr ayının 12-də (Şəms təqvimi ilə Azər ayının 21-də) Azərbaycan Milli Məclisi çağırıldı. Milli Məclis S.C.Pişəvəri başda olmaqla 11 nəfərdən ibarət Azərbaycan Milli Hökumətin tərkibini təsdiq etdi. Milli Hökumət bir sıra islahatlar keçirdi: dövlətin torpaqları kəndlilər arasında bölündü, əmək, dil haqqında fərman verildi, Təbriz Universiteti təşkil edildi. Bu ərəfədə BMİ Sovbezin tələbi ilə Sovet ordusunun çıxarılması başlanıldı. İran Hökuməti öz ordusunu Cənubi Azərbaycana yeritdi.
Hökumət ordusu ilə fədai dəstələri arasında toqquşmalar başlandı, minlərlə demokratlar həbs olundu və güllələnildi, ADP və Milli Hökumətin rəhbərləri edam olundular, hərəkat yatırıldı. S.C.Pişəvəri Sovet İttifaqına keçirirdi. Burada 1947-ci ildə Sovet Azərbaycanında naməlum şəraitdə avtomobil qəzasında həlak oldu.

12

III zalda Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatının əsas xadimlərindən biri olan Cəfər Kavianın şəxsi əşyaları, sənədləri, hərbi forması nümayiş olunur.
Cəfər Kavian 1895-ci ildə Təbriz yaxınılığındakıSalaxan kəndində anadan olub. Ruhani təhsili alıb. 1906-1907-ci illərdə “Məşrutə”, “21 Azər” hərəkatlarının fəal üzvü, Azərbaycan Demokratik Partiyasının yaradıcılarından biri, Milli Məclisin üzvü olmuşdur, Milli Özünümüdafiə Naziri, sonradan isə Müdafiə Naziri təyin olunmuşdur. Tarixi xidmətlərinə görə Cəfər Kavian I dərəcəli Səttaraxan ordeni və “21 Azər” medalı ilə təltif olunub.

14

1920-ci ilin aprelindən Azərbaycanda sovet rejimi hökmranlıq etməyə başladı. Kommunist partiyasının ideologiyası bütün Respublikanın ictimai-siyasi həyatında hakim mövqe tutdu. Azərbaycan Kommunist Partiyasına 1934-cü ildən 1953-cü ilə qədər Mir Cəfər Bağırov rəhbərlik edib. Bu dövrdə Azərbaycanda insan hüquqlarına zidd qanunlar həyata keçirilmiş, totalitar quruluşun törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində on minlərlə insan öz siyasi əqidəsinə, fəaliyyətinə görə repressiyalara məruz qaldı.
Bu dövrdə Azərbaycanın səadəti uğrunda çalışan elm adamları, söz sahibi olan şair və yazıçılar, partiya və dövlət xadimləri – R.Axundov, H.Cavid, M.Müşviq, Ə.Nəzmi, Ə.Cavad, S.Mümtaz, B.Talıblı və başqaları, irticaya məruz qalaraq, ya güllələndilər, ya da Sibirə sürgün olundular.
Siyasi mühacirlik Azərbaycan tarixinin 1920-1930-cu illərinin mühüm səhifələrindən birini təşkil etdi. Bu illərdə Respublikanın bir çox qabaqcıl düşüncəyə malik ziyalıları haqsız təqiblərdən yaxa qurtarmaq və millətin gələcək azadlığı uğrunda mübarizələrini siyasi mühacir kimi xaricdə davam etdirməyi lazım saydılar. Onların arasında Azərbaycan Demokratik Respublikanın liderləri M.Ə.Rəsulzadə, F.Xoyski, Ə.Topçubaşov, C.Hacıbəyli və başqaları olub.
Respublikada siyasi və ictimai fəallığı ilə fərqlənən Azərbaycan qadınları da siyasi irticaya məruz qalıblar. Onlardan Köylü qızı Gülarə, Bayraməliyeva Məryəm, Ayna Sultanova və digərləri cürbəcür bəhanələrlə ittiham olunaraq, azadlıqdan məhrum ediliblər.

15

Tarixə dövrümüzün ən dəhşətli müharibəsi kimi daxil olmuş II Dünya Müharibəsi 1939-cu il sentyabrın 1-də başlandı. 1941-ci il iyunun 22-də faşist Almaniyası SSRi-yə hücum etdi. Azərbaycan Almaniyanın işğalçılıq planında xüsusi yer tuturdu. Azərbaycanın zəngin sərvətləri, Şərqlə Qərb arasında strateji əlverişli mövqeyi faşistlərin diqqətini xüsusilə cəlb edirdi.
Müharibənin ilk günündən Azərbaycan xalqı alman-faşist işğalçılarına qarşı mübarizəyə başladı. Müharibə illərində Azərbaycandan Sovet Ordusu sıralarına təqribən 640 min nəfər, o cümlədən 10 mindən çox qadın səfərbər edildi.
Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsalına keçdi. Azərbaycan neftçiləri müharibə illərində ölkəyə 75 milyon tona qədər neft verdilər. O zaman sovet neftinin təqribən dörddə üç hissəsini Bakı təmin edirdi. 1941-43-cü illərdə Azərbaycan döyüşən orduya 15 kq qızıl, 954 kq gümüş, milyard manatlarla isteqraz və s. verdi. Bakıda 130 növ silah və hərbi sursat, o cümlədən “Katüşa” raketi, “Şnakin” pulemyotu, “Yak-3” qırıcı təyyarələri istehsal olunurdu.
Azərbaycanda formalaşmış 402, 223, 416, 271, və 77-ci diviziyalar Böyük Qələbədə mühüm rol oynadı.
Qələbədə Azərbaycanın elm xadimlərinin də böyük rolu var idi.

16

Görkəmli alim, kimyaçı, akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini istehsalının yeni texnologiyası hazırlandı. Azərbaycanda cəbhə üçün yüksək oktanlı benzin istehsalına başlandı. Müharibənin qalibiyyətlə başa çatmasında cəbhəyə göstərdiyi yüksək xidmətlərinə görə Yusif Məmmədəliyevə 1946-cı ildə SSRİ Dövlət mükafatı verildi.
Məşhur cərrah Mustafa Topçubaşov hərbi cərrahiyyədə yeni müalicə metodları ixtira edərək, minlərlə əsgəri ölümdən xilas etdi.
Müharibənin ilk günündən minlərlə Azərbaycan vətəndaşı cəbhədə faşizmə qarşı vuruşurdu. İlk azərbaycanlı – Sovet İttifaqı Qəhrəmanı – İsrafil Məmmədov, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən yeganə azərbaycanlı – Həzi Aslanov, Ziya Bünyadov, Qafur Məmmədov və b.
Tuapse, Xerson, Sevastopol, Novorossiysk şəhərlərinin müdafiəsində Azərbaycanın kontr-admiralı Cəlil Məmmədəli oğlu Cavadov xüsusi qəhrəmanlıq göstərmişdi. II Dünya Müharibəsində göstərdiyi şücaətlərə görə ona 1968-ci ildə kontr-admiral rütbəsi verildi.Azərbaycanlılar Avropa xalqlarının antifaşist və partizan hərəkatlarında da fəal iştirak edirdilər. Burada xüsusilə Əhmədiyyə Cəbrayılovu, Məmməd Əliyevi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəni qeyd etmək olar.
Dünya antifaşıst qüvvələrinin səyi nəticəsində böyük qələbə əldə olundu.
416-cı Azərbaycan diviziyası 1945-ci ilin fevralında düşmənin müqavimətini qırıb, mayın 2-də Berlinin Bradenburq darvazaları üzərinə qələbə bayrağını sancdı. Mayın 8-də Almaniya təslim aktı imzaladı. 9 may 1945-ci il tarixə Qələbə günü kimi daxil oldu. SSRİ müharibədən qalib çıxdı. Bu qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük rolu oldu. Sovet ordusunun texnikasını Bakı nefti hərəkətə gətirdi. 300 min azərbaycanlı döyüş meydanında həlak oldu.
123 nəfər xalqın mərd oğullarından Sovet İttifaqı Qəhrəmanı adına layiq göüldü. 30 nəfər Şöhrət ordeninin hər üç dərəcəsi ilə, 176 min nəfər müxtəlif orden və medallarla təltif edildi.
Ekspozisiyamızda II Dünya Müharibəsinə aid hərbi-səhra ştabının interyeri nümayiş olunur: hərbi xəritə, hərbi-səhra durbin, yazı makinası, teleqraf aparatı və s.

17

80-ci illərin sonunda Azərbaycan Ermənistan tərəfindən irticaya məruz qaldı. Ermənistan Respublikasının rəhbərliyinin göstərişi ilə Ermənistanda yaşayan 200 min azərbaycanlı qovuldu. Ermənilər nəinki azərbaycanlıları öz doğma yurdlarından qovurdular, həmçinin onları öldürürdülər, diri-diri yandırırdılar. 1988-ci ilin fevralında ermənilər Azərbaycanın Dağlıq Qarabağ vilayətində iğtişaşalar törətdilər və Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağı Ermənistana vermək məsələsini qaldırdılar.
Dağlıq Qarabağda ermənilərin ərazi iddiaları ilə bağlı baş verən hadisələrlə əlaqədar Bakıda və Azərbaycanın digər şəhərlərində kütləvi mitinqlər və çıxışlar keçirilirdi. Hər gün Bakının Azadlıq meydanında ictimaiyyətin 1 milyondan artıq nümayəndəsi toplanırdı, burada ilk dəfə olaraq Azərbaycanın SSRİ-nin tərkibindən çıxmaq çağırışları səsləndi.
1988-ci ilin noyabrında SSRİ Ali Sovetinin qərarı ilə Bakıda və Azərbaycanın bir sıra başqa şəhərlərində «xüsusi vəziyyət» rejimi yaradılır. Dekabrın 5-də səhər çağı Azadlıq meydanı Sovet qoşunları tərəfindən hücumla alınır, aclıq keçirənlərin çadırları dağıdılır. 17 Noyabr Azərbaycan tarixinə Milli Dirçəliş Günü kimi daxil olur.
1989-cu il may ayının 28-də Azərbaycanın İstiqlaliyyət günündə Bakıda «fövqaladə vəziyyət» və komendant saatı olduğuna baxmayaraq, Müstəqil Azərbaycan dövlətinin, ADR-in üçrəngli bayrağı saat 11:00 radələrində Qız Qalasının üstündə ucadılır.

18

Keçmiş SSRİ-nin dağılmaq təhlükəsi və müttəfiq respublikaların müstəqillik əldə etmək niyyətləri gerçəkləşmək üzrə idi. Bu da İttifaq rəhbərliyini təşvişə salırdı. Bakıda törədilmiş 20 Yanvar qırğını da imperiyanın işğalçılıq siyasətinin davamı idi. Bu ərəfədə yanvarın 19-da vəziyyət son dərəcə gərginləşir. Həmin gün axşam Azərbaycanın televiziyasının enerji bloku partladılır. Telestudiyanın və Ali Sovetin binası yanında həyacanlı izdiham gərginlik içindədir.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 00:00-da şəhərin 5 girəcəyindən Sovet qoşunları tankların müşaiyyətilə Bakıya girir və Azərbaycan xalqına qarşı dəhşətli faciə törədir. Təpədən dırnağa qədər silahlanmış Sovet Ordusu qarşısına çıxan hər şeyi – maşınları, avtobusları, adamları, qocaları, cavanları, qadınları, uşaqları – hamısını məhv edir, güllələyir, tankların tırtırları altında əzir.
Hər il yanvarın 20-si Respublikada ümumxalq hüzn günü kimi yad edilir. Respublikamızın müxtəlif bölgələrindən axın-axın insanlar müqəddəs ziyarətgaha – Şəhidlər Xiyabanına – axışır və xalqımızın qəhrəman oğul və qızlarını yad edir.

19

1992-ci il Azərbaycan xalqına qarşı daha bir soyqırım törədildi. Fevralın 25-dən 26-na keçən gecə erməni silahları 366-cı sovet motoatıcı polkunun hərbçiləri ilə birlikdə Xocalı şəhərində müqayisəsi olmayan qırğın törətdilər. Xocalı şəhərinə quldurcasına basqın gecə saat 22 radələrində həyata keçirildi, əvvəlcə şəhər şiddətli artilleriya atəşinə tutuldu, sonra isə çoxsaylı ağır tanklar, PDM və digər texnikalar şəhərə daxil oldu, dinc əhalini vəhşicəsinə məhv etməyə başladılar. Bir gecədə7 min əhalisi olan bütöv bir şəhər beləcə yerlə yeksan edildi. Soyqırım nəticəsində 613 nəfər şəhid, 487 nəfərə ağır xəsarət yetirildi, 1275 nəfər girov düşüb, müxtəlif işgəncələrə məruz qaldılar. 150 nəfərin taleyi hələ bu günə kimi məlum deyil.
Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin sərəncamı ilə Milli Məclisin 1994-cü il 24 fevral tarixli iclasında bu məsələ geniş müzakirə edilmiş, 26 fevral soyqırım və matəm günü elan edildi.

mubariz

Ermənilərin Azərbaycana qarşı törətdikləri təcavüz nəticəsində Azərbaycan öz 20% torpağını itirdi, 20 mindən artıq insan öldürülüb, 50 mindən artıq isə yaralanıb və xəsarət alıb. 1 milyondan artıq vətəndaşımız öz doğma yurdlarında didərgin düşüb, qaçqın və köçkün vəziyyətinə salınıb. Təcavüz nəticəsində Azərbaycanın əhalisinə, ekologiyasına, böyük iqtisadi və mənəvi zərbə dəyib.1993-cü il iyun ayının 15-i Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və bu gün ölkənin tarixinə Milli Qurtuluş günü kimi daxil oldu. 1994-cü ilin 12 mayında Ermənistan və Azərbaycan arasında «atəşkəs» haqqında saziş imzalandı.
Ekspozisiyamızda Qarabağda vuruşan vətənpərvər oğul və qızlarımız haqqında məlumat verilir, onların şəxsi əşyaları nümayiş olunur. 214 nəfər Milli Qəhrəman adına layiq görülüb.

20

İşğal altındakı ərazilərdə 600 məktəb, 65 ixtisas məktəbləri, 22 muzey və 700 tibbi müəssisə qalıb. İşğal olunmuş muzeylər öz eksponatlarından, binalarından mərhum olublar. Bizim muzeydə Cəbrayıl tarix-diyarşünaslıq muzeyinin 17000 eksponatı qorunub saxlarnılır.

20

Muzeyimizin 6-cı zalı Azərbaycanın müstəqillik dövrünə həsr olunub. Görkəmli dövlət xadimi Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan SSR Nazirlər Soveti yanında MTN sədri (1966-1969), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri (1969-1982), Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü (1982-ci ildən), SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, general-mayor. 1987-ci ildə tutduğu vəzifəsindən istefa verib. 1990-cı ilin iyulunda Azərbaycana qayıtdıqda, ilk növbədə Bakıya, sonra isə Naxçıvana gəldi, birinci Naxçıvandan Azərbaycan SSR millət vəkili, 3 sentyabr 1991-ci ildə isə Naxçıvan SSR Ali Sovetinin sədri təyin edilmişdi. Naxçıvan MSSR-in Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyalarında Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi mühüm qərarlar qəbul olunmuşdu. Heydər Əliyev – Azərbaycan Respublikasının Prezidenti (1993-2003). Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin iqtisadiyyat, mədəniyyət, ordu quruculuğu və digər sahələrində inkişaf başladı.

21


2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə,mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək, yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.
Heydər Əliyev Fondunun prezidenti Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevadır.2003-cü ildən Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etidirilir.

22

2003-cü ildən heydər Əliyevin soyasi kursu İlham Əliyev tərəfindən uğurla davam etdirilir.İlham Əliyevin hakimiyyətdə olma dövrü enerji ehtiyatları ixracatından gəlir əsasında iqtisadi inkişafın artması ilə səciyyələnir. Onun artıq birinci prezidentlik müddəti zamanı əsas ixrac olunan neft və qaz boru kəmərlərinin işə salınması həyata keçirildi: Bakı-Tbilisi-Ceyhan neft kəməri (2005-ci ilin may ayında işə başlayıb və 2006-cı ilin iyulunda tam gücü ilə işləyir) və Bakı-Tbilisi-Ərzurum qaz kəməri.
Heydər Əliyevin siyasi xəttini davam etdirən İlham Əliyev uğurlu xarici siyasət yeridir. Onun siyasəti ölkənin qlobal siyasi prosesə, maksimal dərəcədə dünya birliyinin inteqrasiyasına daxil olmağa istiqamətlənib.
Prezident İlham Əliyevin qarşıya qoyduğu vacib məsələlərdən biri də düşmən irticasının qarşısını almaq və ölkənin ərazi bütövlüyünün etibarlı zaminliyinə xidmət edən ordunun möhkəmlənməsidir.
Hal-hazırda Prezident İlham Əliyev tərəfindən idmana diqqətin yetirilməsi yüksək səviyyədədir. Azərbaycan idmançılarının mötəbər yarışlarda uğurlu çıxışları, ölkədə idman infrastrukturunun möhkəmləndirilməsi buna əyani misaldır.
Azərbaycan Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə 2000-ci ildən Bakıda, xüsusən regionlarda ən yüksək səviyyəyə cavab verən idman kompleksləri inşa olunur. Ölkədə mötəbər beynəlxalq yarışlar – Avropa və dünya üzrə müxtəlif növ idman yarışları, Birinci Avropa Oyunları keçirilir.

<!–:en–>Azerbaijan Independence museum <!–:–><!–:AZ–>Azərbaycan İstiqlal Muzeyi<!–:–><!–:RU–>Музей Независимости Азербайджана<!–:–>

Search