Beynəlxalq Muzeylər Günü Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında

     Müxtəlif tarixi dövrlərdə cəmiyyətin inkişafı ayrı-ayrı elm sahələrinin yaranması, tərəqqisi ilə sıx əlaqədə olduğundan, elm və mədəniyyətin inkişafına təkan verir. Dövlət mədəniyyət sisteminin əsaslarından hesab edilən muzeylər müxtəlif profilli olmaqla hazırda aparıcı mövqeyə malikdir. Muzey (latınca-museum, yunanca-museyon-muzalara həsr edilmiş yer, muzalar məbədi musa-muza sözündən) tarixi, maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, öyrənən və nümayiş etdirən elmi-maarif müəssisəsidir. Minlərlə dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələrinə malik  Azərbaycanımız çox qədim dövrlərə aid zəngin eksponatlara malikdir. Ölkəmizdə ilk professional muzey Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 7 dekabr 1919-cu ildə yaradılıb. Görkəmli sənətşünas-alimi Məmməd Ağaoğlunun və Hüseyn bəy Mirzəcamalovun  təşəbbüsü ilə təsis olunan bu muzey Parlamentin binasında yerləşib. İlkin muzeydən heç bir eksponat qalmadığına baxmayaraq,  1991-ci ilin 9 yanvarında təkrarən yaradılan Azərbaycan İstiqlal Muzeyini Azərbaycan xalq Cümhuriyyətində yaradılan muzeyin mənəvi varisi hesab etmək olar. Hal-hazırda ölkəmizdə 180-ə yaxın muzeyin fəaliyyət göstərməsi fərəhləndirici haldır. 1977-ci ildən hər ilin may ayının 18-də dünyanın mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə  Beynəlxalq Muzeylər Gününü qeyd edir. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Bu tədbir bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Həmin gün bütün muzeylərdə “Açıq qapı” elan olunur. Arzu edənlər pulsuz olaraq sərgi və ekspozisiyalara tamaşa edə bilirlər. 2001-ci ildən Avropanın 39 ölkəsinin qatıldığı “Muzeylər Baharı” adlı aksiya Fransa Respublikasının Mədəniyyət və Kommunikasiya Nazirliyinin təşəbbüsü ilə keçirilir. 2002-ci ildə Azərbaycanın da qoşulmuş olduğu bu aksiyanın adı 2005-ci ildən “Muzeylər Gecəsi” ilə əvəz olunub.  Həmin gün saat 22-00-a qədər muzeylərdə  bayram şəklində müxtəlif tədbir və sərgilərin keçirilməsi bir ənənə halını alıb. Ölkəmizin digər muzeyləri kimi, Azərbaycan İstiqlal Muzeyində də həmin gün müxtəlif mövzulara həsr olunmuş sərgilər keçirilir, bayram şənlikləri təşkil olunur. Belə ki, 2007-ci ildə Azərbaycan İstiqlal Muzeyində  Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Tarixi işıqlandıran çıraqlar” adlı sərgi-tədbir təşkil olunmuşdu. Həmin sərgidə muzey fondunda olan nadir eksponatlar  – ölkəmizin tarixinin müxtəlif dövrlərini işıqlandıran eksponatlar nümayiş edilmişdi. Bu yönlü sərgilərdə kimsəsiz uşaqlardan ibarət internat məktəbin şagirdlərinə, həmçinin qocalar evlərinin sakinlərinə hədiyyələr verilir, onlara çay süfrəsi təşkil olunur. Muzeylərin ölkəmizin ictimai-siyasi həyatında tutduğu mövqeyi nəzərə alaraq, 2010-cu ildə “Muzeylər Günü”ndə “Üzeyir Hacıbəyov 125” adlı sərgidə Şərqdə və Azərbaycanda yaradılmış ilk operanın banisi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin  həyat və fəaliyyətini işıqlandıran fotoxronika nümayiş olunmuşdur. Bu yönlü tədbirlərdə qonaqlara keçirilən sərginin mövzusu ilə bağlı müxtəlif sorğu-anketlər, testlər paylanılır, maraqlı interaktiv oyunlar keçirilir. Bununla da onların müxtəlif mövzulara olan münasibətləri və fikirləri öyrənilir. Belə ki, 2011-ci ildə Muzeylər Günü “Molla Nəsrəddin-105” şüarı altında keçirilib. Azərbaycan İstiqlal Muzeyində bu tarixə həsr olunmuş sərgidə “Kim axtarır, o tapır” adlı interaktiv oyun-viktorinada  uşaqlar jurnaldan karikaturalara  münasib sitatlar seçirdilər. Sevindirici hal budur ki, belə tədbirlərin ən fəal iştirakçıları müxtəlif məktəblərin şagirdləri, tələbələri, Hərbi məktəblərin kursantları, bir sözlə gənclərimizdir. Azərbaycan İstiqlal Muzeyi bu yönlü tədbirlərinin mövzusunu məhz gənclərin maraq dairələrinə görə təşkil edir. 2011-ci ildə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş  tədbirimiz “Azərbaycan Musiqisinin İnkişafı və Tədrisi” ictimai birliyi ilə birgə keçirmişik. “Vətənin gözəlliyi uşaqların gözü ilə” adlı həmin sərgi-tədbirdə  Şamaxı şəhər İ.Nəsimi adına Uşaq İncəsənət məktəbinin, Bakı şəhər T.Quliyev adına 12 saylı Uşaq Musiqi məktəbinin və Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzinin dərnək şagirdlərinin əsərləri nümayiş olunmuşdu. Tədbirin sonunda Şamaxı şəhər İncəsənət məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. 2012-ci il muzeyimizdə keçirilən Beynəlxalq Muzeylər Gününün mövzusu Almaniyanın Düsseldorf  şəhərində keçirilən «Evrovision-2011» Mahnı Müsabiqəsində Azərbaycanın qələbəsinə həsr olunub. «Evrovision-2012 Qədim Odlar Diyarında» adlı sərgi-tədbirdə isə gənc rəssamların bu mövzuya həsr olunmuş əsərləri nümayiş olunub. Keçən il muzeyimizdə keçirilən Beynəlxalq Muzeylər Günü “Yeni adlar” adı ilə keçirilmişdi. Həmin tədbirdə gənc rəssamların əsərləri nümayiş olunmuşdu. Bu ildəki tədbirimizi də həmin səpgidə keçirmək nəzərdə tutulur. Əlbəttə, muzey işində problemlər də mövcuddur. Bu sahədə ən vacib məsələlərdən biri də muzey işinin düzgün istiqamətdə aparılması sayəsində muzeylərə yerli vətəndaşları, turistləri cəlb etməkdən ibarətdir. Bu məqsədlə muzeyimizin əməkdaşları ölkəmizin tarixi günlərində təhsil ocaqlarında, hərbi hissələrdə və digər müəssisələrdə mühazirələrlə ilə çıxış edirlər. Turistləri muzeyə cəlb etmək məqsədilə 2012-ci ildə Azərbaycan İstiqlal Muzeyi 15 turizm şirkəti ilə müqavilə bağlayıb. Muzeyimizdə keçirilən bütün tədbir və sərgilər televiziya, radio şirkətinin  müvafiq redaksiyaları vasitəsilə təbliğ olunur, Facebook sosial şəbəkədə olan səhifəmizdə məlumat yerləşdirilir. Hal-hazırda muzeyimizin rəsmi internet saytının hazırlanması üzərində iş aparılır. Bununla yanaşı televiziya kanallarında  hər hansı bir muzey haqqında müxtəlif dillərdə reklam çarxlarının yerləşdirilməsi, televiziya və radionun müvafiq redaksiyaları tərəfindən muzeylərimizin təbliğinə aid müxtəlif silsilə verilişlərin təşkili mühüm əhəmiyyət kəsb edərdi. Muzeyşünaslıq və muzey quruculuğu ilə bağlı xüsusi elmi-praktiki jurnalında nəşri də  məqsədəuyğundur. Dövlət tərəfindən muzeylərə diqqət və qayğının olması biz, muzey işçilərini, sevindirir. Azərbaycan Dövləti tərəfindən muzey işinə göstərilən qayğı sayəsində ölkəmizdə muzeylərin inkişaf dinamikasının sürətliliyi bütün göstəricilərdə özünü göstərməkdədir. Odur ki, MDB ölkələri ilə müqayisə nəticəsində aydın olmuşdur ki, əhalinin sayı baxımdan muzeylərin sayı və muzeylərə gələnlərin sayına görə Azərbaycan irəlidədir.

Qazızadə N.İ.

16.05.2014

Search