Biz, muzey olaraq müstəqil Azərbaycanın həmyaşıdıyıq

    Fəridə Şəmsi: “Biz elə bir muzey olmağa çalışırıq ki, ölkənin ictimai həyatında fəal iştirak edək. Məqsədimiz cəmiyyətimizdə ruhən bir-birinə yaxın olan insanların birləşdiyi bir mərkəzə çevrilməkdir” Müsahibimiz Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsidir: - Fəridə xanım, Azərbaycan İstiqlal Muzeyi Azərbaycan tarixində hansı fəaliyyətlə irəliləyir? – Azərbaycan İstiqlal Muzeyi 1991-ci il yanvar ayının 9-da yaradılıb. Bununla da sənədlərin işlənməsi, arxivlərin öyrənilməsi prosesi başlanılıb. Bu mərhələdə bir çox maraqlı və mühüm məqamlar ortaya çıxdı. Belə ki, Azərbaycanın ilk rəsmi muzeyi görkəmli sənətşünas alim Məmməd Ağaoğlunun və Hüseyn bəy Mirzə Camalovun təşəbbüsü ilə təsis olunub. “İstiqlal” muzeyi 1919-cu ilin dekabrın 7-də Azərbaycan Parlamentinin egidası altında yaradılan ilk muzey idi. Birinci yaradılan muzeydən heç bir eksponat qalmasa da, 1991-ci ildə yaradılmış Azərbaycan İstiqlal Muzeyi birinci muzeyin mənəvi varisi oldu. Hazırda muzeyin ekspozisiyasında Azərbaycan xalqının ən qədim zamanlardan bu günə qədər apardığı milli-azadlıq mübarizəsini, bu mübarizədə Vətənimizin müstəqilliyi uğrunda döyüşən xalqımızın oğul və qızları haqqında məlumatlar var. Müxtəlif tarixi hadisələri əks etdirən sənədlər saxlanılır. Muzey işçilərinin səyi nəticəsində 20 min eksponat toplanıb. 1993-cü ildən Azərbaycan İstiqlal Muzeyində Cəbrayıl və Füzuli muzeylərinin kolleksiyaları saxlanılır. Muzeyimizdə Azərbaycan tarixini əks etdirən müxtəlif sərgilər nümayiş olunur, tədbirlər və görüşlər keçirilir. - Muzeyin ekspozisiyalarına daxil olan yeni eksponatların tarixi əhəmiyyətini necə qiymətləndirirsiniz? – Azərbaycan İstiqlal Muzeyinin fondu daim yeni eksponatlarla zənginləşir. Daxil olan yeni eksponatların tarixi əhəmiyyəti də çox qiymətlidir. Təkcə mən deyil, muzeyimizi ziyarət edən qonaqlar da bunun şahidi olurlar. Bunların arasında Azərbaycan Respublikasının Milli qəhrəmanlarının, 20 Yanvar şəhidlərinin, Xocalı faciəsinin şahidlərinin, Qarabağ müharibəsinin iştirakçılarının, Cənubi Azərbaycanda baş vermiş “21 Azər” hərəkatının liderlərindən biri Cəfər Kavyanın, şairə Mədinə Gülgün və Balaş Azəroğlunun şəxsi əşyaları, Azərbaycanda 1905-1906-cı, 1918-ci illərdə baş vermiş soyqırımına aid sənədlər, fotoşəkillər, kitablar, Azərbaycan Xalq Cümhuriyyətinin poçt markaları və s. tarixi sənədlər saxlanılır. Muzeyimizə tanınmış rəssamlar Əşrəf Heybətov “20 Yanvar” adlı rəsm əsərini və Nazim Məmmədov Xocalı faciəsini əks etdirən rəsm əsərlərini hədiyyə veriblər. Xocalı faciəsi haqqında da nadir sənədlər əldə olunub. Həmin sənədləri bizə jurnalist Tatyana Çaladze təqdim edib. - Azərbaycan istiqlalını əks etdirən tarixi sənədlərin yeni tədqiqatları aparılırmı? – Azərbaycan tarixi ilə bağlı sənədlərin tədqiqatı, yeni eksponatların pasportizasiya işləri muzeyin elmi işçiləri, mütəxəssislər tərəfindən aparılır. Bu tədqiqatlar vasitəsilə də muzeyə gələn tamaşaçılara Azərbaycanın tarixi və mədəniyyəti dəqiq və obyektiv çatdırılır. Bu, bizim muzeyin əsas iş proseslərindən biridir. - Gənclərimiz tariximizə daha yaxın olmaq üçün Azərbaycan İstiqlal Muzeyini tez-tez ziyarət edirlərmi? – Azərbaycan İstiqlal Muzeyinin əsas vəzifələrindən biri gənclərə vətənpərvərlik ruhunu aşılamaqdır. Bu məqsədlə muzeydə keçirilən tədbirlər əsasən gənclərlə birlikdə keçirilir. Tədbirlərimizin əsas mövzusu gənclərin əl işlərindən ibarət sərgiləri təşkil etməkdir. Son zamanlar muzeyə gələnlər sırasında gənclər üstünlük təşkil edir. Bu da müsbət göstəricidir. 2006-cı ildən muzeydə müxtəlif yaş qrupundan olan gəncləri əhatə edən təhsil proqramları tətbiq edilir. Məsələn, kollektivimiz tərəfindən ən kiçik yaşlı uşaqlar üçün sadə təhsil proqramları işlənib. Proqrama kiçik yaşlıların respublika bayrağını müvafiq rənglərlə bəzəmək, Qobustan qayaüstü təsvirlərini çəkmək, “Molla Nəsrəddin” jurnalının yaranmasının 105 illiyinə həsr olunmuş sərgidə “Kim axtarır, o tapır” adlı oyun-viktorinada jurnaldan seçilmiş karikaturalara uyğun sitatları seçmək daxil edilir. Böyük yaş kateqoriyasından olan məktəblilər üçün isə işlənmiş təhsil proqramında muzeyin ekspozisiyasına əsaslanan suallar tərtib edilir və ekskursiya prosesində onlar bu sualları cavablandırırlar. Onlarla muzeyin profilinə uyğun sorğular, testlər keçirilir. Bu da gənclərin müxtəlif tarixi problemlərə münasibətini müəyyən etməyə imkan verir. Biz müxtəlif gənclər təşkilatları ilə əməkdaşlıq edirik və onlarla birlikdə müxtəlif layihələr həyata keçiririk. - Muzeyin Azərbaycan tarixində rolunu necə səciyyələndirərdiniz? – Azərbaycan İstiqlal Muzeyinin əsas məqsədi Azərbaycan dövlətçiliyini təbliğ etmək və Azərbaycanın tarixini dərindən və mükəmməl öyrənməkdir. Hazırda muzeyin ekspozisiyasının hər zalı müəyyən tarixi dövrü əhatə edir və 6 zaldan ibarətdir. Muzeyin I zalında dövlət atributları, Azərbaycanın XVIII-XIX əsrlərdə xanlıqlara bölünməsi, Şimali və Cənubi Azərbaycana parçalanmasını əks etdirən tarixi sənədlər sərgilənir. Muzeyin II zalında XIX əsrin sonu XX əsrin əvvəlində Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə, Azərbaycan sənaye burjuaziyasına, Azərbaycan neft milyonçularına, 31 Mart soyqırımına və Azərbaycan Demokratik Respublikasının fəaliyyətinə həsr olunan eksponatlar yer alır. III zalda Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların milli hüquq və azadlıqlarını əldə etmək uğrunda apardıqları mübarizəyə, xüsusilə XX əsrdə aparılan 3 inqilabi hərəkatın təsvirini verən eksponatlar nümayiş etdirilir. IV zalda Azərbaycan repressiya və Azərbaycan İkinci Dünya müharibəsi illərinə aid eksponatlar əksini tapıb. V zalda Qarabağ müharibəsinə həsr olunan eksponatlar yerləşdirilib. VI zalda Azərbaycanın müstəqillik dövründə əldə olunan nailiyyətlər öz əksini tapır. Muzeyimizdə tarixi günlərə həsr olunan tədbirlər, sərgilər, konfranslar keçirilir. Respublikamızda qeyd olunan 20 Yanvar – Şəhidlər Günü, Xocalı soyqırımı, 31 Mart Azərbaycanlıların soyqırımı günlərinə, 28 may – Respublika Günü, 15 İyun – Milli Qurtuluş Günü və başqa tarixi hadisələrə həsr olunan tədbirləri təşkil edirik. Bununla yanaşı, muzeyin əməkdaşları həmin tarixi günlərdə təhsil ocaqlarında səyyar sərgilər keçirir, mühazirələr oxuyurlar. Muzeyimizdə həmçinin tarixi günlərdə açıq dərslər təşkil olunur. Biz, muzey olaraq müstəqil Azərbaycanın həmyaşıdıyıq. Biz elə bir muzey olmağa çalışırıq ki, ölkənin ictimai həyatında fəal iştirak edək. Məqsədimiz, cəmiyyətimizdə ruhən bir-birinə yaxın olan insanların birləşdiyi bir mərkəzə çevrilməkdir.

Xəyalə GÜNƏŞ

 03.06.2014

Search