Xocalısız 22 il

      Düz 22 il əvvəl – 1992-ci il fevralın 26-da erməni işğalçıları xalqımıza qarşı misli görünməmiş cinayətə əl atdılar. Soyuq qış günündə Xocalıya hücum edən ermənilər əliyalın, heç bir silah – sursatı olmayan əhaliyə divan tutdular. Yüzlərlə soydaşımız- qadınlar, qocalar, uşaqlar amansızcasına qətlə yetirildilər. Xocalının üç min nəfərlik əhalisinin beşdə biri – 613 nəfər güllələndi. Onlardan 106 nəfər qadın, 59 nəfəri 18 yaşına qədər uşaq və yeniyetmə, 70 nəfər isə qocalar idi. Erməni cəlladlar 8 ailəni son nəfərinə qədər qətlə yetirdilər. Xocalıda baş verən qətliam nəticəsində 25 azyaşlı uşaq hər iki valideynini itirdi. Bu faciə 230 nəfər uşağın valideynlərindən birini itirməsinə səbəb oldu. Mənfur düşmənlər Xocalını işğal edən zaman şəhər sakinlərindən 487 nəfəri əlil oldular. Itkin düşən 115 nəfərin taleyindən isə hələ də heç bir xəbər yoxdur. Tarix heç nəyi unutmur və 22 il keçməsinə baxmayaraq, bu günləri bütün dünya bu faciədən danişir. Hər il olduğu kimi, bu il də Xocalı faciəsinin ildönümü ilə bağlı təkcə respublikamızın şəhər və rayonlarında deyil, xarici ölkələrdə də sərgilər, konfranslar, dinc aksiyalar təşkil olunmuşdur. Xocalı soyqırımı “Beynəlxalq Müharibə qurbanları Memorialı” layihəsinə daxil edilib. “Xocalıya ədalət” beynəlxalq kompaniyası İslam konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə elan edilib “Xocalıya ədalət” kompaniyasının rəsmi internet saytı istifadəyə verilib və orada Xocalı faciəsi qurbanlarının siyahısı nəşr edilmiş, Qarabağ müharibəsi haqqında geniş məlumat verilmişdir. Hər il Azərbaycan İstiqlal Muzeyi bu tarixə həsr olunmuş tədbirləri keçirdir. Biz, hər dəfə dəhşətli hadisənin şahidləri olan Xocalı sakinləri ilə görüşərək yeni səpkidə bu mövzunu işıqlandırmağa çalışırıq. Ötən illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti, Qərb Universiteti, Əzim Əzimzadə adına İncəsənət Kolleci, Tofiq İsmayılov adına “Uşaq Dünyası” qalereyasının iştirakı ilə cavan rəssamların sərgisi keçirilmişdir. 2007-ci ildə keçən sərgi müsabiqə xarakteri daşıyırdı. Tələbələrin əsərləri əvvəlcədən anonim şəkildə qoyulmuş və hər bir bəyənilən əsərə muzeyə gələn qonaqlar tərəfindən nişanlar yapışdırılmış və səsvermənin nəticələri üzrə ən yaxşı əsərlərin müəllifləri fəxri fərman və hədiyyələr ilə mükafatlandırılmışdır. Bu növ tədbirlər cavanların fəallığını artırır və yaradıcılıq iş prosesində təsvir etdikləri vəziyyət haqqında düşünməyə və onun tarixini daha dərindən öyrənməyə vadar edir. Cavan rəssamların keçmiş sərgiləri, onların bu dəhşətli hadisənin şahidləri olmamağına baxmayaraq, baş vermiş hadisələrə öz fikirləri və mövqeləri olmuşdur. 2009-cu ildə muzey işçilərində belə bir fikir yarandı ki, “Xocalı həqiqətləri” adlı sərgi keçirilsin və tədbirə Xocalı sakinlərini dəvət edib sərgidə onların baş vermiş dəhşətli hadisə zamanı özləri ilə götürə bildikləri şəxsi əşyaları muzeydə nümayiş olunsun. Bu elə də asan məsələ deyildi. Bu hadisəni yaşamış bir çoxları o hadisəni təkrar yada salmaq istəmirdilər, danışmağa başlayanda isə onları dayandırmaq mümkün olmurdu. Həmin görüşlərdə tanınmış fotoqraf  Tahir Cəfərov iştirak edirdi və biz onun sayəsində bu günkü gündə Xocalıların həyatını təsvir edən böyük fotoarxiv yığmışıq. “Xocalı həqiqətləri” sərgisində şəkillər ilə bahəm faciə şahidlərinin əşyaları nümayiş olunub. Xocalılar bu əşyaları ürək ağrısı ilə vermişdilər, çünki bu, onların yaxınlarından qalan yeganə xatirə idi. Hər bir ailədə bir və ya iki əşya vardı, axı insanlar öz evlərindən qaçan zaman heç bir əşya götürməyə macal tapmamışlar. Bunlar Quran, fotoşəkillər, şəxsi sənədlər, uşaq paltarı, kəlağayı, bıçaq və bir-biriləri ilə əlaqədar olmayan və təəssüf  ki, özündə dərin faciəli məna daşıyan çox müxtəlif  əşyalar idi. Bu əşyalar və sərgidə nümayiş olunan Tahir Cəfərovun şəkillərindən hazırlanmış disk şəhər əhalisinin və şəhərimizə gələn qonaqların diqqətini cəlb etmişdir. Xocalı faciəsi mövzusuna bir çox  heykəltəraş və rəssamlar müraciət etmişlər. Yalnız bir çoxları etiraf edirlər ki, bu güc və sağlamlığı azaldan çətin bir işdir. Əvvəlki illər ərzində biz bu mövzuya aid neçə fərdi sərgilər keçirmişik. 2006-cı ildə rəssam Sabir Çopurovun qeyri-adi neft üsulu ilə çəkdiyi əsərlərdən ibarət sərgisi, 2010-cu ildə isə Azərbaycanın xalq rəssamı heykəltəraş Xanlar Əhmədovun sərgisi keçirilmişdir. 2012-ci ildə rəssam Nazim Məmmədovun fərdi sərgisini təşkil eləmişik. 2011-ci il fevral ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Xocalı soyqırımı” adlı sərgi-müsabiqə keçirilmişdir və Nazim Məmmədov həmin müsabiqənin qaliblərindən biri olub. Sərgidən sonra rəssam Xocalı faciəsini əks etdirən iki rəsm əsərini Azərbaycan İstiqlal Muzeyinə bağışlayıb və bu əsərlər indi muzeyin ekspozisiyasında nümayiş olunur. 22 fevral 2012-ci ildə “Sənədlər sübut edir” adlı tədbir təşkil olunub. “Məhkum olunmuş Xocalı” kitabının yazılmasında tanınmış publisist-jurnalist, “Bakinski raboçi” qəzetinin baş redaktorunun müavini, Qaçqın və Məcburi köçkünlərin müdafiə Mərkəzinin sədri Tatyana Çaladze Respublika Prokurorluğunun arxivində olan materiallardan istifadə etmişdir. Buraya Xocalı faciəsi şahidlərinin istintaq sənədləri, hadisənin baş verdiyi yerə baxış zamanı tərtib olunan protokollar daxildir. İşi yekunlaşdırdıqdan sonra o, 1500-dən çox sənədləri muzeyə təhvil vermişdir. Onların bir hissəsi sərgidə tamaşaçılara təqdim olunmuşdur. Muzeyin fondu daim yeni eksponatlarla zənginləşdirilir. Bu il muzeyə Xocalı faciəsi ilə bağlı yeni eksponatlar təqdim olunub. “Yarat!” Müasir incəsənət məkanın  iştirakçısı gənc rəssam Mehriban Şəmsəddinskaya özünün “Boşalmış damarlar” adlı əsərini bizim muzeyə təqdim edib. Gənc rəssam Nazim Məmmədov Xocalı faciəsinə həsr olunmuş öz eskizlərini muzeyə hədiyyə etmişdir. Həmçinin, Xocalının müdafiəsi zamanı Xocalıda qəhrəmancasına həlak olmuş Milli Qəhrəmanların və şəhidlərin şəxsi əşyaları da muzeyə təqdim olunub. Beləliklə, 2014-cü ilin 25 fevral sərgisində Xocalı faciəsinə həsr olunmuş yeni eksponatlar nümayiş olunacaq. Bizim muzeyimizin əsas məqsədi – gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Bu mövzu hər zaman diqqət mərkəzində olmalı, milli qəhrəmanların, şəhidlərin vətən uğrunda mübarizəsi bugünkü nəslə təbliğ olunmalıdır. Biz, tariximiz barəsində bütün materialları, o illərin bütün foto-şəkillərini yığmaq, hazırki nəsillərdə tarixi bilgilərə maraq yaratmaq üçün əlimizdən gələni edəcəyik

  Şəmsi  F. M.

17.02.14

Search